Nuranə Nur
Yaraşmadı duyğularıma bu bahar,
günlər də uzanır
bir birinə bənzəyən hekayələr kimi...
Maşına minən kimi
keçib pəncərə tərəfdə
otururam baharı daha yaxşı görüm deyə…
Hər şeyin içindən çıxan
heç neyə görə
içimə atdığım yumruqların ağrısı
bir qədər azalsın deyə...
Aman ürək,
bu nə həzin layladı?
üşüdüyüm gecələrdə üstümə örtdüyüm
səssizliyin dibindən gəlir.
Bəlkə də sonunu bildiyim üçün
Dinləyə bilməyəcəm sonuna qədər
amma həmişə biləcəm
yarım qaldığını…
