29 Haziran 2025 Pazar

Şeir dəftərçəmdən. Bir payız tutub qolundan gülürəm

 


Bir payız

Tutub qolundan

Gülürəm –

Özümü xöşbəxt göstərmək istəyirəm.

Nəmli baxışlarından

Ürəyim pas atır,

“Unutmamışam...” sözlərin

Dirənir çiynimə.

Gülüşüm buxarlanıb

Qarışır Bakının tozlu havasına.

Niyə və nəyə

Qəmlənirsən?

Sən ki,

Kaşkilərlə yaşayan  deyilsən,

Başqasının gözündəki günəşi

Bir yalanla söndürə bilirsən.

Qanadsız quş kimiyik biz

Sevgisiz.


Sima

23 Haziran 2025 Pazartesi

Fərhad Yalquzaq. ŞEİRLƏR


(illüstrasiya GigaChat)

(Məncə, bu rəsm təklənmiş, bu dünyada hüzuru olmayan sənətkarın metaforik təsviridir)

 * * *

açılmamış düyünlər cavabsız sorular kimi
dörd yandan qapalı divarlar arasında
qıfıllı sandıqlarda kilitli mücrülərdə
kodlanmış seyflərdə gizlədilmiş həqiqətlər
mücərrədə qandallanmış qaranlıqda solub gedər
bağlı qapı arxasında nə sirr qalar nə həqiqət
nə din iman nə təriqət
cavab olmaz sorulara açılmazsa düyünlərin
qanun yasa adət törə
çözə bilməz nədir yalan nədir gerçək bu halında
düyünlərin timsalında boğazlanınca qəhərin
gecələrin qucağında mürgüləyər səhərlərin
axıb gedər həqiqətlər yağmurlarda sular kimi
açılmamış düyünlərin yetim qalar
cavabsız sorular kimi
06 ocaq 2011
* * *
alın bu qələmi mənim əlimdən
yoxsa bu qələm mənim ömrümü yeyir
on dəqiqəyə dörd şeir
yazmışam bu gün usta
razıyam təbimdən ama
alın bu qələmi mənim əlimdən
çünki
yazdığım hər şeir
mənim ömrümü yeyir
17 iyun 2011
* * *
bir bardaq çay xoruzquyruğu
iki qırım qənd bir dilim limon
şəhər içindəki çayxanada idilliya
bəlkə sərsəm bir yaşantı
hap-gop yeri üstüaçıq illüziya
kim isə laqqırtı vurur
kim isə domino
daşlar şaqqıldayır
qəzetin qırağına rəqəmlər yazılır
taygöz pişik dolanır masa altında
hesablar ödənir kasa altında
birisi qatildir
burada zaman öldürüb məzar qazır
o birisi şairdir
zamanı yox məkanı yox
oturub söz uydurur şeir yazır
bu yaz günü qarşımda
bir bardaq çay xoruzquyruğu
iki qırım qənd bir dilim limon
bir də üstüaçıq illüziyalar
10 may 2011
* * *
bir qüssə çilənmiş bu səhər ürəyimə
payız yağmurlarıyla gələn qəm deyil ki
ümidsizlikmi söyləyim
az da olsa ara-sıra
buludların arasından işıq çiləyir günəş
bu pessimist şəhərin küçələrinə
mən payız səhəri kimi
çiskinli dumanlı olmam hər zaman
təbəssüm də qonar hərdən üzümə
işıq da gələr gözümə
ama bu səhər
nə isə düz gəlmir mənimlə fələk
yəgin qurub yeni bir kələk
yekə bir daş yuvarlanacaq
ayaqlarımın altına
ya da
çox zaman olduğu kimi
bu da keçər fəlsəfəsi
üstün gələcək qəmimə
hələlik isə
bir qüssə çilənmiş bu gün ürəyimə
23 noyabr 2011

Şeir dəftərçəmdən. Yuxulu səssizlik bürüyüb ağacları

 


(illüstrasiya GigaChat)


Yuxulu səssizlik

Bürüyüb ağacları,

Yorğun şüalar tuşlanıb buludlara.

Sabah

bugünkü gün keçmişə çevriləcək,

Yağışda damla-damla

Xatirələr əriyəcək,

Yaşananlar yazılacaq

Ağappaq vərəqlərə.

Dodaqlar kaşkilərdən quruyacaq,

Ürək sevgidən tamam sınacaq,

Gecənin qaranlığında

Solğun  fənər işığında

Sənin adın səslənəcək

Küləyin xışıltısında.

Sima

Şeir dəftərçəmdən. Sevilməyən qadınlar döyülər çox zaman

 


Sevilməyən qadınlar döyülər çox zaman.

Xəyalları

Kişinin yumruğuyla qırılıb tökülər ayaq altına,

Sürünər imdad diləyərək,

Axı qadını yaşadan o xəyallardı –

Inanmadığı,

Inanmağa özünü məcbur etdiyi xəyallar.

Bir dəfə qatarda

Dar kupedə iki qoca

Keçmişi xatırlayaraq düzdülər masaya

Ağ pendiri, qara çörəyi,

Sarıbaş soğanı.

Qocalardan biri yumruğunu çırpdı

Soğanın başına –

Xırçıltıyla soğan oldu xəşil,

Yaşartdı qocaların yorğun gözlərini.

Hər gecə kişinin yumruğuna tuş gələn qadın

O soğan kimi dönür xəşilə,

Yığır ətəyinə dağılmış arzularını,

Udur soğan kimi acı göz yaşlarını,

Daha heç nəyə,

Heç kimə

Inanmır...

Sima

17 Haziran 2025 Salı

KUKLA (hekayəm)

 #mistika #horror



     Şəhərin kənarında çoxdan tərk edilmiş bir ev vardı — ot basmış həyət, boyası qopub tökülmüş divarlar, qurumuş ağaclar. Yaz aylarında həyətdə pişiklər əylənirdi, sonra uzun müddətə yox olurdu. Bu evdə əvvəllər varlı bir ailə yaşayırdı, lakin onların kiçik qızı Leyla itkin düşəndən sonra ailə başqa şəhərə köçmüşdü. Ailənin köçməsi ilə ruhunu itirmiş ev zamanın basqısı altında dağılırdı.

     Bir gün Murad təsadüfən şəhərin bu hissəsinə gəldi, burada tərk edilmiş bir evin olduğunu heç bilmirdi, sevindi, sanki gizli bir xəzinə tapmışdı. Murad tənha birisi  idi, az sosiallaşdığına görə xanımlarla uzunmüddətli tanışlıq qura bilmirdi, içindəki boşluğu doldurmaq üçün köhnə binaları, tikililəri öyrənirdi, bu hobbisi ilə toz qatı altında yatan məişət tarixinə, insanların həyat tərzinə bələd olurdu, hesab edirdi ki, hər qədim əşya unudulmuş günlərin tarixçəsini qoruyub saxlayan lal şahiddir. Muradın beynində bir ideya vardı – keçmişin insanları haqqında bir kitab yazmaq. Hər kitab hər hansı fikirlə başlayır, və yalnız çalışqanlıq, cəsarət nəticəsində beynindəki düşüncədən kağızdakı son sətrin nöqtəsinə qədər davam edən yolu qət edə bilərsən.

      Boş evi görən Murad içəri gedib baxmaq qərarına gəldi, adətən belə yerlərdə maraqlı tapıntılar olurdu, və artıq köhnə kitablar, məişət əşyaları və fotoşəkillərdən ibarət kiçik bir kolleksiya toplaya bilmişdi.

     Yarımqaranlıq otağa daxil olan Murad kəskin toz və kif iyini duydu. O sanki xatirələrin izini gizlədən dünyaya addım atmışdı. Otağın qaranlıq künclərində xışıltı ilə eşələnən siçovullar  onu bir qədər qorxutdu, elə bil canlı kimsə qaranlıqda Muradla təmas qurmaq istəyirdi.

     Aşağı mərtəbədə ətrafa nəzər salandan sonra Murad  macəra ruhunun təsiri ilə çardağa çıxmaq qərarına gəldi, təcrübəsindən bilirdi ki, ən maraqlı şeylər adətən orada, sandıqlarda və rəflərdə saxlanır. Və yanılmadı. Çardaqda xeyli köhnə əşya yığılmışdı — paslı mexanizmlər, kitablar, işlənmiş mebellər, güzgülər. Hər əşyanın bilinməyən tarixçəsi vardı. Küncdə, tozlu pəncərədən düşən gün işığı altında qaralan döymə naxışlı sandıq Muradın diqqətini çəkdi. Murad sandığa yaxınlaşıb qapağı açdı, cır-cındırın altında gözəl bir kukla tapdı. Kukla sanki canlı idi, uzun qıvrım saçları, cəhrayı dodaqları, toppuş əl-ayağı onu balaca qıza oxşadırdı, elə özü də balaca uşaq boydaydı. Muradın övladı yox idi, balaca bir qız tanımırdı ki, kuklanı ona versin. Murad kuklanı elə oradaca, sandıqda qoymaq istədi, qəfildən ona elə gəldi ki, kukla gözlərini açıb-yumdu. Murad kuklaya xeyli diqqətlə baxdı, qeyri-adi heç nə tapmadı və onu özü ilə aparmaq qərarına gəldi.