Nəhayət,
çoxdan gözlənilən bahar şəhəri bürüdü. Bir neçə gün əvvəl yağan qar erkən çiçəkləmiş
budaqlara şəkər tozu kimi səpilmişdi, qara buludlar şişmiş lopalarla günəşi
udmuş, mülayim bahar günəşindən tam zövq almağa imkan verməmişdi. Ancaq bu gün
qar demək olar ki, hər yerdə əriyib, havada incə, şirin qatran və nəm torpaq qoxusu
var.
Zərnişan
bu cür havanı çox sevirdi. İşdən çıxıb qızı Leylanın oxuduğu məktəbə gedirdi. Küknar
və şam ağaclarının sıralandığı parkda addımlayarkən, ayazlı-qatranlı qoxunu ciyərlərinə
çəkib gülümsəyirdi. Kefi kök idi. Niyə də olmasın? Ailəsi, qızı, həyat yoldaşı
vardı. Qalmağa evi, yeməyə çörəyi vardı. Daha insana nə lazımdı ki? Bir kəlam
yadına düşdü: əgər gözlərin görürsə, yeriyə bilirsənsə, danışırsan, sevirsən və
hər səhər yatağından qalxa bilirsənsə, sən düşündüyündən daha zənginsən!
Cib
telefonu zəng çaldı. Tanımadığı nömrə idi.
— — Allo,
kimdir? – Zərnişan soruşdu.
—
Qızın
bizdədir. Polisə zəng etmə. Bir saatdan sonra ev telefonuna zəng gələcək, — xışıltılı metal səs dedi. Dud-dud-dud... xəttin
o tərəfində telefon susdu. Zərnişan dayandı. Əvvəlcə səhv eşitdiyini düşündü.
Necə? Qızı təhlükədədir? Onu oğurlayıblar? Kim? Bu təşvişli fikirlərlə Zərnişan
bayaqkı nömrəyə zəng etdi, amma zəng çatmadı, görünür, telefonu ya söndürmüş,
ya da qırıb tullamışdılar.
Zərnişan fikrini toplamağa çalışdı. Sonra Leylanın sinif rəhbərinə zəng etdi:
— — Salam, Zeynəb müəllimə, Leyla haradadır?
— — Bu gün Leylanı bir qadın götürdü.
— — Niyə? Niyə icazə verdiniz? Bilmirsiniz ki, Leylanı ancaq mən götürürəm?
—
Leyla
o qadını görcək yanına qaçdı, soruşdum, tanıyırsan onu, dedi, bəli. Mən də
düşündüm ki, kimsə qohumlardandır, ona görə Leylanı aparmağa icazə verdim.
—
Nahaq
yerə! Gərək mənə xəbər verərdiniz! – Zərnişan qəzəblə telefonu söndürdü. Bir an
sonra ərinə zəng etdi:
— — Kənan,
Leyla yoxdu. Deyəsən, oğurlayıblar.
—
Nə?
Sən nə danışırsan? — Kənan dedi. Zərnişan hadisəni ona danışdı. Qərara gəldilər
ki, polisə müraciət etsinlər.