20 Mayıs 2022 Cuma

Güllələrin nəsli

 


XX əsrin əvvəllərində Avropa və Amerika ədəbiyyatında "itirilmiş nəsil" anlayışı formalaşır. Bu nəsil güllələrin məhv etdiyi nəsildir. Bu nəsil müharibənin məngənəsində sııxılmış, mənən çarmıxa çəkilmiş və sındırılmış nəsildir.

Ədəbiyyata itirilmiş nəslin qəhrəmanlarını gətirmiş üç div illərdir ki, araşdırmaçıların diqqəti mərkəzindədir. Bu divlər kimlərdir? İtirilmiş nəslin hansı xüsusiyyətləri vardır? Mövzuyla əlaqəli suallara cavab tapmağa çalışaq.

İtirilmiş nəsil anlayışını ədəbiyyata tənqidçi, ədəbi cərəyana böyük təsir göstərmiş Amerika yazarı Gertruda Stayn gətirmişdir. O, təsadüfən bir baqqalçının sözlərini eşidir və onları itirilmiş nəslə aid edir: "Hamınız itirilmiş nəsilsiniz, müharibədə iştirak etmiş bütün gənclər belədir, heç nəyə hörmət etmirsiniz, axırda əyyaş olacaqsınız".

İtirilmiş nəsil konkret dövrün konkret insanlarıdır. İki dünya müharibəsi aralığında yaranan, yaşayan və özünü cəmiyyətdə tapmayan insanlar, itirilmiş nəsildir. Bu nəsil Birinci dünya müharibəsində iştirak edənlərdir - müharibə başlananda onlar çox gənc, təcrübəsiz və romantik ideallarla dolu xəyalçılar idilərsə, tez bir zamanda dünyaları darmadağın edilmiş, müharibənin bütün dəhşətlərini görmüş, həyatın mənasını itirmiş qatı pessimistlərdir.

İtirilmiş nəslin ədəbiyyatı modernist ədəbiyyatdır. Modernizm insan şəxsiyyətinin məğzini ifadə etməyə çalışırdı. İnsanın içi nə ilə doludur, və o, gerçəklikdə nə görür, nə ilə rastlaşır...

Bu qəhrəmanlar dərin psixoloji travmalar yaşamış insanlardır. Onlar, demək olar ki, uşaqkən (18 yaş nədir ki) müharibə meydanına atılırlar və  qısa müddətdə  ölkələrin siyasi iradəsini yerinə yetirən hərbi qatillərə çevrilirlər.

Bu zaman insan şəxsiyyəti dərin mənəvi sarsıntı keçirir - axı bu gənclərin hər birinin arzusu, istəkləri, ümidləri vardı! Lakin müharibə hər şeyi darmadağın etdi.

Remark yazıb ki, "keçmiş, ölü gözlərini bərəldir". Müharibənin azğınlıqları daim qəhrəmanları müşayət edir, qəhrəmanlar keçmişi unutmaq istəsələr də, keçmiş onlardan elə bərk yapışıb ki...

Hiç yorum yok:

Yorum Gönder