20 Mayıs 2022 Cuma

Güllələrin nəsli (davamı)


Ədəbiyyatda itirilmiş nəslin üç divi, möhtəşəm nümayəndəsi kimlərdir?

Erix Mariya Remark (1898-1970), "Qərb cəbhəsində yenilik yoxdur (1928). Remark 1916-17-ci illərin bir neçə ayı ərzində müharibədə vuruşmuş, ayağından, qolundan və boynundan qəlpə yaraları almışdı. Remark müharibənin dəhşətini "bu kitab müharibənin məhv etdiyi nəsil haqqındadır, hətta sağ qalanlar da ölmüşlər" fikri ilə təsvir edir. Gənc qəhrəman müharibənin birbaşa iştirakçısı kimi, mənəvi tənəzzülə uğrayır və deyir ki, "biz daha gənc deyilik. Özümüzdən qaçırıq. Həyatdan qaçırıq. 18 yaşımızda dünyanı və həyatı sevməyə başlarkən, onları güllə-baran etməyə məcbur olduq. İlk mərmi düz ürəyimizdən vurdu. Biz artıq tərəqqiyə inanmırıq. Biz müharibəyə inanırıq".

Ana qucağından qoparılmış gənclər birbaşa səngərlərə gömülürlər, siçovullar, bit basma, qaz hücumları, irinləyən üfunətqoxulu yaralar, ölümlər, ölümlər... Cəmiyyət isə elə bilir ki, Qərb cəbhəsində sakitlikdir, yenilik yoxdur...

İtirilmiş nəslin faciəsi ondadır ki, bu nəsil üçün həyat yalnız döyüşdə məna kəsb edir. Sivil həyat, müharibəsiz gündəm qəhrəmanlar üçün yaddır, düşməndir. Dünən əlindəki silahla özünü dəyərli hesab edən gənc, silahsız dinc həyatda lazımsız bir əşya kimi özünü duyur. Və cəmiyyətdə özünə yer tapmadığına görə həyatın dibinə, mənəvi uçuruma yuvarlanır. Döyüşmüş gənclə burnuna barıt iyi dəyməmiş gənc arasında dərin ziddiyyət vardır, dünənki əsgər bu günkü həyatdan təpiklənib kənara atılmışdır.

Zamanla bu qəhrəmanlar öz həyatlarının nə qədər dəyərli olduğunu anlayırlar. Həyatın mənası onlar üçün sevgidə, yeməkdə, yəni gedonist həzlərdədir. Bunu F.S.Fitceraldın "Möhtəşəm Getsbi" romanında aydın görürük.

Frensis Skot Fitcerald (1896-1940), "Möhtəşəm Getsbi". Fitceraldın romanları rənglə, şirə ilə doludur. Ümumən, XX əsrin əvvəllərində Amerika ədəbiyyatında belə fikir yaranmışdı ki, Avropada tüğyan edən müharibələr Amerikaya aid deyil, bu başqalarının müharibəsidir. Amma bütün uzaqlaşma cəhdlərinə baxmayaraq, Amerika cəmiyyəti də müharibə travmasını yaşayır.

Getsbi onu əzən travmaları ram etmək üçün maliyyə Olimpinə yüksəlməyə can atır və buna nail olur. Müharibənin acısı caz dövrünün ziyafətləri, zənginliyi, təmtəraqla əvəzlənir. Lakin insanların içi boşdur. Caz sədaları, caz dövrünün möhtəşəmliyi insanları xoşbəxt edə bilmir. Cek Getsbi sevdiyi Deyzinin xətrinə hər vasitələrlə varlanmağa, cəmiyyətdə  nüfuz qazanmağa çalışır. Onun özünün həyat gerçəkliyi vardır, lakin o, tənəzzülə uğrayır. Getsbi öləndə, onun ətrafında qaynaşan insanlardan heç kim onu xatırlamır...

Getsbinin taleyi müəyyən qədər Cek Londonun Martin İdeni ilə səsləşir: Martin İden də nüfuz qazanmaq, tanınmış yazar olmaq üçün çalışırdı, lakin istədiklərinə nail olanda, həyat onun üçün mənasını itirir və Martin intihar edir.

Ernest Heminquey (1899-1961), "Əlvida, silah!" romanı. Heminqueyin yazı üslubu quru, konkretdir, bu üslub hərbi müxbirlikdən formalaşmışdır. Yazıçı deyib ki, "müharibə dəhşətdir, amma onu bitirmək lazımdır". Amma nəyin bahasına? Müharibəni bitirmək gənc əsgərlərin vəzifəsinə çevrilir, müharibə bitir, gənc nəsil isə özünü mənəvi və psixoloji cəhətdən itirir. "Müharibəyə gənc ikən gedəndə, elə bilirsiz ki, ölümsüzsünüz. Başqaları ölür, amma siz yox, ölməyəcəksiniz. İlk dəfə yaralananda, bu fikir darmadağın olur".

Heminquey öz həyat tarixçəsini yazmışdır. Romanda bir əsgər tibb bacısına aşıq olur və fərarilik edir. Roman müharibəyə etirazdır. Ölüm yox, həyat önəmlidir. Həyat dəyərlidir. Bu fikri anlamış qəhrəman "mən döyüşmək üçün yaranmamışam. Mən yaranmışam ki, yeyim, içim və Katrinlə sevişim" - deyir...

Cəmiyyətdə yerini tapa bilməyən itirilmişlər şəxsi müstəvidə həyatlarına davam etmək üçün çaba edirlər. Artıq onları cəmiyyətin idealları, vətənpərvərlik, vətəndaşlıq borcu deyil, kiçik şəxsi dünya, hisslər, sevgi maraqlandırır, çünki bu qəhrəmanları yaşadan elə bu sevgi, və ya sevgi xülyasıdır...

Hiç yorum yok:

Yorum Gönder