16 Aralık 2018 Pazar

Günün əksi - 2.

Nə zamandır ki, bloqumda aktiv yazmaq fikrindəyəm, di gəl ki, bu qərarımı gerçəkləşdirməyə motivasiyam çatmır ☺. Günlərim elə də rəngarəng, hadisələrlə dolu deyil, amma bura nəsə yazmağa da ərinirəm. FB-nin də fəal istifadəçisi deyiləm, hərçənd internetdəki maraqlı forumları izləyirəm.
Hə, yadıma düşdü ki, yazarlara məsləhət verən kitablarda hər gün yazmaq təklif edilir, özü də səhər tezdən, yuxudan oyanan kimi. Bəlkə burjuazlara (ah,  sovet ideologiyasından qalmış bu söz də yaddaşımın hansı dərin guşəsindən bu an peyda oldu ☺)  bu təklifə əməl etmək asandır, amma mənim kimi çörək pulu qazanmaq üçün hər gün evdən çıxan insanlara əlverişli deyil. Səhər bilmirsən necə edəsən ki, evdən vaxtında çıxasan, işə gecikməyəsən ki, müdiriyyətin tənbehinə tuş gəlməyəsən. Səhər-səhər hansı yazıdan söhbət gedə bilər ki?
Amma gecələr... başqa məsələ))) Hamı yatandan sonra musiqinin zümzüməsi, və ya divarlar üçün kino göstərən TV səsi altında gün ərzində beynimdə dolaşan, dalaşan, bir-birinə sarılan, qırılan, bir-birini qovan, yaxalayan fikirləri nizamlamağa cəhd etmək olar ☺.
Bu dəfəki cəhdim beyin hüceyrələrini fəallaşdırmağa yönələn tapşırıqdır. Bəzən onu yerinə yetirirəm, bloknotuma, ya əlimin altında olan hansısa kağız parçasına yazıb, qısa müddətə sözlər dünyasına qərq oluram. Və bəzən çox poetik cümlələr yaranır.
Tapşırığın məğzi odur ki, eyni hərflə başlanan sözlərdən ibarət cümlə qurursan. Barmağımı istənilən kitabın istənilən səhifəsinə basıb, hərfi seçirəm və... söz oyunu başlayır))).

Y - Yaz yağışı yasəmənin yaşıl yarpaqlarını yudu.

B - Baba bostanda balqabaq becərərkən, balaca Binyamin bağdakı bayrama baxırdı.

S - Saat səkkizdə Saatlıdakı "Sərin" sarayında salatlar soyuqda saxlanırdı.

Ə - Əli əlindəki əlcəklə əncir əkirdi.

H - Həsən hündür hasarı hörərkən, Həlimə hirsindən hönkürürdü.

Q - Qayadakı qalaya qaçan Qəhrəmanın  qılıncı qırıldı. Qara qarışqa qozayla qaçdı.

Картинки по запросу smaylik

Hiç yorum yok:

Yorum Gönder