30 Nisan 2022 Cumartesi

Mətnin dərkli oxusu



Dərkli oxu nədir və nə üçün əhəmiyyətlidir? Mətnlərin dərkli oxusu uşaqlıqdan öyrədilən və öyrənilən əhəmiyyətli bir bacarıqdır, təəssüf ki, hal-hazırda məktəblərdə buna fikir verilmir və öyrədilmir.

Dərkli oxu:

- nə üçün kitab (mətn) oxuduğumuzu anlamağa kömək edir.

- tənqidi təfəkkürü və anlamanı inkişaf etdirir.

- öyrənmədə ən əsas analitik alətlərdən hesab edilir.

- informasiya ilə dolub-daşan müasir dünyada yaşamağa kömək edir.  

Sadəcə kitab oxuyanla dərkli oxuyanın fərqinə baxaq:

Sadəcə oxuyan kitabı bir dəfə oxuyur, dərkli oxuyan - təkrar oxuyur, çünki mətn ona estetik zövqdən əlavə mənəvi, fəlsəfi, psixoloji nələrsə verir;

Sadəcə kitab oxuyan oxu zamanı dalğındır, dərkli oxuyan bütün diqqətini mətndə cəmləyir;

Sadəcə kitab oxuyan mətni olduğu kimi anlayır, dərkli oxuyan suallar verir, alt qatdakı mənanı anlamağa çalışır;

Sadəcə kitab oxuyan mətnin sintaksis xüsusiyyətlərinə fikir vermir, dərkli oxuyan isə mətnin leksikasına, sintaksisinə, quruluşuna və digər özəlliklərinə fikir verir;

Sadəcə kitab oxuyan vaxt öldürür, səthi oxuyur və oxuduğunu tez yaddan çıxarır, dərkli oxuyan isə mətndə dərin mənanı anlayır və o mənanı axtarır, kitabın məzmunu onun üçün əsil xəzinədir.

ABŞ təhsil standartlarına görə, məktəbi bitirmiş şagirdlər dərkli oxu sahəsində bunları bacarmalıdırlar:

- mətnə sual vermək və cavablandırmaq;

- mətnin dil xüsusiyyətlərinə diqqət etmək və onların mətnin ideyasına təsirini bilmək;

 - fikirlərini mətndəki ifadələrlə təsdiqləmək;

- mətnin təhlilində arqumentlərdən istifadə etmək;

- detallar vasitəsilə əsas mövzunu ayırmaq;

- mətnin strukturunu və ifadələrini təhlil etmək;

- bütün mətn boyu qəhrəmanların necə inkişaf etdiyini izləməyi bacarmaq;

- yazı üslubunun və dil vasitələrinin mətnə təsirini öyrənmək.

Dərkli oxu zamanı özünüzə sual verin:

- mətn nə haqdadır?

- mətn kimin üçün yazılıb?

-  hansı hadisələr təsvir edilir?

- hadisələr hansı ifadələrlə təsvir edilir?

- hansı sözlər diqqətimi çəkir?

- mətnin atmosferi, ab-havası necədir? Hansı hisslər ifadə olunur?

- müəllif nə demək istəyir?

- müəllif nəyi deməyib?

- ...............ifadəsi/cümləsi ilə müəllif nə demək istəyir?

Dərkli oxu aşağı sürətli oxudur - anlaya-anlaya, zövq ala-ala. Bəyənilən hissə qeyd edilir, sözlər seçilir və ayrıca dəftərə yazılır. Kimsə bəyəndiyi sözün, cümlənin altından xətt çəkir, səhifənin kənarlarında qeydlərini yazır, bir sözlə, oxu əsil araşdırmaya çevrilir. Bununla həm söz ehtiyatı artır, həm də mətn daha yaxşı yadda qalır, çünki seçilmiş sözlər  mətnin yaddaşdakı dayaq nöqtələridir.

Hiç yorum yok:

Yorum Gönder