19 Temmuz 2022 Salı

Yazı manyakları



Elektron kitab yükləməyə icazə verən xeyli Teleqram kanallarına abunə olmuşam.  Bu kanalların əksəriyyətində botlar - avtomatlaşmış axtarış sistemi işləyir: kitabın və ya müəllifin adını yazırsan, həmin adda xeyli kitab və ya həmin müəllifin İnternetdəki kitabları kanala yüklənir, bəyəndiyini seç, yükləyib oxu. Çox rahat və texnoloji baxımdan sürətli nəticə.

Amma məni maraqlandıran, təəccübə salan, valeh edən, mat qoyan bir məqam var - bir müəllifin yazdığı kitabların sayı.  Hər ay bir roman ortaya qoyan qrafomanlar xaric, ədəbi mühitdə və oxucular arasında müəyyən marağa səbəb olan yazarlar da çox məhsuldar kimi görünürlər. Doğrudanmı bu əsərlərin hamısını onlar özü yazır? Ya komandası var - hər kəs özünə aid hissəni yazır, sonra komanda rəhbəri (yazarın özü) o epizodları bir romanda birləşdirib, öz səsini qataraq, əsəri özününküləşdirir. Məsələn, Aleksandr Düma-atanın, Fransanın tarixi dövrləri və kralların, muşketyorların həyatından bəhs edən macəra romanları müəllifinin ədəbiyyat qulları vardı, bu adamlar romanın parçalarını yazır, sonra da Düma əsəri özününküləşdirərək, nəşr etdirirdi. Hal-hazırda A.Düma 500 romanın müəllifi hesab edilir!

Müasir ispan yazarı Karlos Ruis Safon (1964-2020) 61 kitab müəllifidir! Hər halda, axtarış sistemi bu rəqəmi verir. Lakin araşdıranda, görürsən ki, Safonun qələminə 9 kitab aiddir, qalanları - rus, ingilis, bolqar, ukrayna və s. dillərə tərcümələrdir. Yaxud yapon yazarı Xaruki Murakami (1949), ona aid edilən 116 kitabdan  o, 35 kitabın müəllifidir, qalanları - başqa dillərə tərcümələrdir.

Lakin, ədəbiyyat tarixinə dərin nəzər salsaq, görərik ki, məhsuldar yazarlar az deyil. 

İspan dramaturqu Lope de Veqa (400 dram əsəri), Amerika fantastı Ayzek Azimov (500 əsər),  fransız detektiv yazarı Jorj Simenon (500 əsər)... 

Rus yazıçılarından Qoqol 30 əsərin, Dostoyevski 33 əsrin, Tolstoy 150-dən artıq əsərin müəllifidir.

İnternetdən öyrəndim ki, Amerika yazarı Reyçel Aaron hər gün 10 min sözlük mətn yazır! İngilis qadın yazarı Barbara Kartlend bir il ərzində 23 roman yazaraq, Ginnesin rekordlar kitabına düşüb! İspan qadın yazarı Korin Telyado 60 illik yaradıcılığı ərzində 4 min roman və hekayə yazaraq, 1994-cü ildən Ginnesin rekordlar kitabındadır!

Onlar bu məhsuldarlığa necə nail olurlar? Əgər gecə-gündüz yazırlarsa, nəyin, hansı pulun, qazancın hesabına yaşayırlar - doğrudanmı, qonorarları o qədər yüksəkdir ki, bütün ömrü məhz yazarlığa sərf edə bilirlər?

Sima

Hiç yorum yok:

Yorum Gönder